Dünyada baş verən müxtəlif iqtisadi hərəkətlənmələrlə yanaşı ictimai və siyasi
hadisələr də əmək bazarına öz təsirini göstərir. Bununla yanaşı yeni
texnologiyaların, İT sahəsinin inkişafı ilə əlaqədar bəzi yeni
ixtisaslar yaranır, və həmçinin də bəzi ixtisaslar artıq tarixin yaddaşına
qovuşur. Müasir dövrdə HR (insan resursları) mütəxəssislərinin diqqətini
cəlb etmək o qədər də asan başa gəlmir. Bunun üçün cv və ya rezume
hazırlanarkən onun tərtibatına fikir verilməlidir.
İşə müraciət etməzdən öncə isə öz bacarıqlarınızı nəzərdən keçirməyiniz
məsləhətli olar. Məsələn ali təhsiliniz. Diqqətə almaq lazımdır ki, heç bir
universitet sizi iş həyatına hazırlamır. Sizin əla qiymətlərlə əldə edilmiş
diplomunuz işə götürülməyinizə səbəb olmayacaq. Bunun üçün universitet
müddətində müxtəlif kurslara getmək, həmçinin ən azından stajor kimi
çalışmağınız lazım gələcək. Belə olan halda siz həm iş təcrübəsi əldə edir, həm
də kollektivdə bərabər işləməyə öyrəşirsiniz.
Bunlardan əlavə ölkədə keçirilən dünya əhəmiyyətli tədbirlərin
keçirilməsi zamanı könüllü kimi iştirak CV-nizi möhkəmləndirəcəkdir.
Təbii ki, bu iş stajını əvəz etmir, amma yeni məzunlar üçün əvəzolunmaz
təcrübədir.
CV və ya rezume hazırlayarkən aşağıdakılara diqqət etmək məsləhətdir:
1. İlk öncə ad, soyad və
əlaqə vasitələri qeyd edilir.
2. İş təcrübəsi sonuncudan
başlayaraq ilk başladığınız işə qədər göstərilir.
3. Təhsil haqqında
məlumatlar, bu bölmədə də həmçinin son aldığınız təhsildən geriyə doğru
göstərirsiniz.
4. Bacarıqlar bölməsində dil
bacarıqları, kompüter və İT sahəsində bilgilərinizi paylaşırsınız.
5. Son olaraq isə iştirak
etdiyiniz kurslar, seminarlar, əldə etdiyiniz sertifikatlar barədə məlumatlar
göstərə bilərsiniz.
Yuxarıda göstərilənlə yanaşı CV-də şəkil məsələsi də bəzən
önə çıxa bilir. Mütəxəssislərin fikrincə professional rezumedə şəkil
olmamalıdı. Lakin, ölkəmizin reallığını düşündüyümüzdə ibəzən insanlara
görünüşə görə qiymət verilir. Buna görə işgüzar bir foto şəkil hazırlayıb
CV-nizə yerləşdirə bilərsiniz.
Rezumenizi şəxsən
hazırlamaqda çətinlik çəkirsinizsə aşağıda bəzi CV formalarını yükləyə
bilərsiniz. Bunlar professionallar tərəfindən məsləhət görülən CV
fromalarıdı. Hər kəsə iş axtarışında uğurlar arzulayırıq.
Comments
Post a Comment